Haqqında

Qasımov Ramil Adıgözəl oğlu
(10 dekabr 1984, Bakı) – "Mədəniyyət" kanalının baş direktoru (2015–2020), Azərbaycan opera müğənnisi, Heydər Əliyev Sarayının direktoru (2020–2022), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru (2023-h.h). Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin keçmiş direktoru, Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015).
Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ramil Qasımov peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlamışdır. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlamışdır. Ramil Qasımov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirmişdir.

Diskoqrafiya
Ramil Qasımov ilk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olmuşdur. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt etmişdir. Ramil Qasımov dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq musiqi festivallarında, müsabiqələrdə Azərbaycanı təmsil etmiş və beynəlxalq müsabiqələr laureatı olmuşdur. İfaçının repertuarında xalq mahnıları, romanslar, bəstəkar mahnıları ilə yanaşı Azərbaycan, italyan, ispan, fransız, ingilis, türk və rus klassiklərinin əsərləri yer alır. Ramil Qasımov eyni zamanda dirijor olaraq də fəaliyyət göstərmişdir. O, dirijor kimi 2017-ci ildə keçirilən Üzeyir Hacıbəyli Beynalxalq musiqi festivalında dünya və Azərbaycan klassik nümunələrini orkestrin müşayiəti ilə dirijorluq etmişdir.